27 Oktyabr 14:30 Yeni rəhbərliklə yeni hədəf üçün – Mövsüm başlayır
TOP OYUNLARI xəbərləri 27 Oktyabr 14:30
943 baxış

Yeni rəhbərliklə yeni hədəf üçün – Mövsüm başlayır

Bu gün qadın voleybolçular arasında CEV kubokunun yeni mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edəcək “Azəryol” mübarizəyə sabah qoşulacaq.

 

Yeni rəhbərliklə yeni formalaşan Bakı klubu ilk ciddi sınağına Rumıniyada çıxacaq. Aleksandr Çervyakovun çalışdıracağı “Azəryol” 1/16 final mərhələsinin birinci görüşündə “Tarqovitse” ilə münasibətinə aydınlıq gətirəcək.

 

Səfərdə baş tutacaq qarşılaşma komandanın mövsümdə ilk rəsmi oyunu olacağından heç də asan keçməyəcək. Çünki Rumıniyaya yollananadək yalnız yoxlama matçları ilə kifayətlənən “Azəryol”da xətlərarası əlaqənin daha ideal səviyyədə olması üçün zamana ehtiyacı var.

 

Buna baxmayaraq, cütün aşkar favoriti olan paytaxt təmsilçisi qələbə qazanmağa köklənib. Çünki həmişə Azərbaycan klubları üçün asan yem olan rumınların bu dəfə də mərhələ keçmək şansı az qiymətləndirilir. Bu azmış kimi, “Tarqovitse”nin cəmi 11 voleybolçu sifariş etməsi də onların heç də iddialı olmadığını ortaya qoyur.

 

Rəqibimizin heyətində yer alan legionerlərin çoxu da Çervyakov üçün tanış simadı. Çünki “Tarqovitse”də əsas heyət üzvünə çevrilən yunanıstanlı Evangeliya Çantava, litvalı Valdone Petrauskayte vaxtilə Azərbaycan Super Liqasında “Lokomotiv”də təcrübəli mütəxəssisin komandasına qarşı oynayıblar. Klubun digər əcnəbiləri də heç də voleybol ölkəsi kimi tanınmayan Sloveniya və İspaniyadandı.

 

Əvəzində “Azəryol”da güclü legionerlərin toplanması komandanın ən azı bir neçə mərhələ keçəcəyindən xəbər verir. Çünki Bakı təmsilçisinin yeni rəhbərliyi klubun qarşısına bu mövsüm ən yaxşı oyun göstərmək tapşırığı qoyub. Təmsilçimiz səfərdə uduzsa belə cavab oyununu evdə keçirəcəyi üstünlüyüdü. Belə olan halda “Qızıl set”ə ehtiyac olarsa, “7-ci oyunçu” kimi azarkeşlərin dəstəyindən yararlana biləcəklər.

 

 

CEV kuboku

1/16 final mərhələsi, ilk oyun

20:00. “Tarqovitse” (Rumıniya) - “Azəryol” (Azərbaycan)

Hakimlər: Borislav Yordanov (Bolqarıstan), Teodora Kiriopoulou (Yunanıstan)

Tarqovitse, İdman Sarayı

 

 

Xəbər lenti

Xəbər lenti