Badmintonçularımız beynəlxalq yarışda 6 medal qazanıb
27.02.2025 - 12:56
Badmintonçularımız beynəlxalq yarışda 6 medal qazanıb

Azərbaycanın gənc badmintonçuları Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Junior Future" seriyalı beynəlxalq turnirdə 6 medal qazanıb.

Apasport.az xəbər verir ki, 19 yaşadək badmintonçular arasında keçirilən turnirdə Ülvi Hüseynov oğlanların şəxsi yarışında bürünc medal qazanıb.

Qızların şəxsi kateqoriyasında finala kimi irəliləyən Həcər Nuriyeva turnirin gümüş medalına layiq görülüb. Daha 4 medal qoşa kateqoriyalarda qazanılıb.

Qarışıq qoşa kateqoriyasında Əmirxan İmanov - Həcər Nuriyeva və Ülvi Hüseynov - Leyla Camalzadə tandemi "Uganda Junior International 2025" turnirində bürünc medal qazanıb.

Oğlanların qoşa kateqoriyasında Ülvi Hüseynov və Əmirxan İmanov yarımfinala yüksələrək bürünc medalı təmin edib. Qızların qoşa yarışında isə Leyla Camalzadə - Həcər Nuriyeva qoşası gümüş medala yiyələnib.

Daha bir badmintonçumuz Diki Pangestu isə "Uganda International Challenge 2025" turnirində şəxsi kateqoriyada gümüş medal qazanıb. Mübarizəyə 1/16 finaldan başlayan Diki finala kimi irəliləməyi bacarıb.

Qeyd edək ki, Azərbaycan badmintonçularının da qatıldığı Uqandada keçirilən beynəlxalq turnirlərdə ev sahibi ilə yanaşı Türkiyə, İtaliya, Hindistan, İsveçrə, Bolqarıstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, ABŞ, Kanada, BƏƏ, Malayziya, İndoneziya, Misir və Mərakeşi təmsil edən badmintonçular iştirak edib.