
Futbol üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan İsveç millisi növbəti yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Portuqaliyada keçirilən təlim-məşq toplanışında İsveç millisi İslandiya ilə qarşılaşıb.
İlk hissədən sonra 0:1 uduzan İsveç əzmkar oyun nümayiş etdirərək 2:1 qalib gəlib. Elias Andeşon (85) və Yakob Ondreykanın (90+4) qolları, demək olar ki, legionerlərsiz və təcrübəsiz oyunçularla çıxış edən İsveç millisinə qələbə qazandırıb.
Xatırladaq ki, isveçlilər daha əvvəl Portuqaliya Finlandiyaya 2:0 qalib gəlmişdi. Bununla da İsveç millisinin məğlubiyyətsiz oyunlar seriyası 5-ə çatıb. Komanda son 4 matçdır ki, qələbə qazanır.
Qeyd edək ki, İsveç millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində martın 27-də Azərbaycan millisini qəbul edəcək.