
Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib.
Apasport.az saytının məlumatına görə, finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.
Komandamızın heyətində Aynur Rzayeva (+81 kq) Darya Kozoreslə (Moldova) üz-üzə gəlib. Avropa çempionatının bürünc medalçısı bu dəfə daha yaxşı nəticə göstərib. Rzayeva rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək finala yüksəlib. Bununla da Azərbaycan 6 ildən sonra Avropa çempionatının həlledici mərhələsində təmsil olunacaq. Aynur finalda ukraynalı Mariya Lovçinska ilə döyüşəcək.
Millimizin digər boksçusu Anaxanım İsmayılova (50 kq) isə bürünc medalla kifayətlənib. 1/4 finalda Yaroslava Marinçuku (Ukrayna) məğlub edən idmançı yarımfinalda irlandiyalı Katlin Fryerslə qarşılaşıb və rəqib finala yüksəldiyindən təmsilçimiz 3-cü yeri tutub.
Qeyd edək ki, 30 ölkədən 154 boksçunun qatıldığı Avropa çempionatına bu gün yekun vurulacaq.