
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yarışda iştirak edən 10 güləşçimizdən 7-si fəxri kürsüyə qalxıb.
1 gümüş və 6 bürünc medal qazanan millimiz 122 xal toplayaraq, komanda hesabında Avropa 3-cüsü olub. Türkiyə (140) birinci, Gürcüstan (130) isə ikinci yeri tutub.
Xatırladaq ki, qitə birinciliyinə 25 pəhləvanla yollanan heyətimiz 5 qızıl, 3 gümüş, 8 bürünc medala yiyələnib. Sərbəst güləşçilər 1 gümüş, 6 bürünc, yunan-Roma güləşçiləri 3 qızıl, 2 gümüş, 1 bürünc, qadınlar isə 2 qızıl və 1 bürünc mükafata sahib çıxıblar.
Beləliklə, millimiz Avropa çempionatında ümumi medal sıralamasında ikinci yeri tutub.