
Azərbaycan milli komandasının sabiq hücumçusu Uğur Pamuk futboldan uzaq düşüb.
Bunu apasport.az saytına 34 yaşlı milliləşən legionerin özü açıqlayıb.
Almaniya türkü bildirib ki, idmandan ayrıldıqdan sonra özünü yeni sahədə sınayır: “İnşaat sahəsində işləyirəm. Futboldan uzaqlaşmışam. Bu barədə heç düşünmürəm də”.
Azərbaycanda “Xəzər Lənkəran” və “Sumqayıt”ın formasını geyinmiş Uğur karyerasını bitirmək barədə düşünmür. O, yenidən yaşıl meydanlara dönmək arzusundadır: “Özümü yaya hazırlayıram. Həvəskar komandada oynamaq istəyirəm. Bu da yayda reallaşa bilər”.
Qeyd edək ki, Azərbaycan millisində cəmi 1 oyun keçirən Pamukun son klubu 2019/20 mövsümündə forma geyindiyi Almaniyanın aşağı liqa təmsilçisi “Hikret” olub.