
“Qarabağ”ın Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası 30-a yüksəlib.
Apasport.az saytının məlumatına görə, seriya yubiley həddinə Misli Premyer Liqasının XI turunda çatıb.
Qurban Qurbanovun yetirmələri “Turan Tovuz”la ev matçında 3 cavabsız qolla qalib gəlib. Cari mövsümün 10 matçının hamısında qələbə qazanan “Qarabağ” ötən çempionatı ardıcıl 20 görüşdə uduzmamaqla başa vurub.
Ağdam klubunun son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisi bu müddətdə 26 qələbə qazanıb, 4 heç-heçə edib. Seriya dövründə 90 qol vuran “Qarabağ” 16 top buraxıb.