
“Səbail” tarixinin ən böyükhesablı kubok qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, Şahin Diniyevin yetirmələri Azərbaycan kubokunun 2023/24 mövsümünün II təsnifat mərhələsində “Şəfa”nı 7:0 hesabı ilə məğlub edib.
Bu, həm də “Səbail”in tarixində bütün turnirlər nəzərə alınmaqla ən böyükhesablı səfər qələbəsinin təkrarıdır. Bakı klubu I divizionda oynadığı 2016/17 mövsümündə də rəqib meydanında 7 top fərqi ilə qalib gəlib.
2017-ci il fevralın 22-də “Səbail” “Göyəzən”lə səfər matçında indiki kimi 7 cavabsız qolla üstün olub. Həmin rekordu təxminən 6 il 9 aydan – 2470 gündən sonra təkrarlayan paytaxt təmsilçisi tarixinin üç ən böyükhesablı qələbəsindən birini bayram edib.
“Səbail” tarixinin ən böyük qalibiyyəti də I divizionda qeydə alınıb. Paytaxt klubu “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib. 2016-cı il noyabrın 24-dəki həmin rekord fərqin təkrarlanması üçün bir top çatmayıb.