
Amerikalı videobloger Ceyk Pol və əfsanəvi boksçu Mayk Tayson arasında döyüş keçirilib.
Apasport.az xəbər verir ki, döyüş açıqlandığı vaxtdan daha gec başlayıb.
58 yaşlı Tayson 8 raundda ayaq üstündə qalmağı bacarsa da, qarşılaşma Ceyk Polun qələbəsi ilə başa çatıb - 78:74.
Qeyd edək ki, peşəkar karyerası ərzində 56 döyüş keçirən Mayk Tayson 50 qələbə qazanıb. O, 44 görüşdə rəqiblərini nokautla məğlub edib. 58 yaşlı dünya çempionu 6 qarşılaşmada isə uduzub. “Dəmir Mayk” ləqəbli boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub.
Ceyk Pol isə rinqə ilk dəfə 2018-ci ildə həvəskar döyüşlə çıxıb. İndiyədək peşəkar səviyyədə 11 döyüş keçirən yutuber 10 qələbə və 1 məğlubiyyətlə yadda qalıb. Onun yutub platformasında 20 milyon 800 min izləyicisi var.