
Azərbaycan klublarının voleybol üzrə avrokuboklarda keçirəcəyi oyunların vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, 2022/23 mövsümündə ölkəmizi təmsil edəcək “Murov” və “Azərreyl” ilk rəqibləri ilə hər iki qarşılaşmanı Bakıda keçirəcək.
Kişilər arasında Azərbaycan çempionu “Murov” Çelenc kubokunun 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə üz-üzə gələcək. Hər iki oyun Bakı İdman Sarayında baş tutacaq. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün isə təmsilçimiz meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq.
Çelenc kubokunda qüvvəsini sınayacaq qadınlardan ibarət “Azərreyl” klubu da mübarizəyə 1/32 finaldan başlayacaq. Təmsilçimiz Slovakiyanın “Slovan” klubu ilə görüşəcək. Noyabrın 29-da və 30-dakı oyunlar da Bakı İdman Sarayında təşkil olunacaq. Hər iki matç saat 18:00-da başlayacaq. İlk qarşılaşmada rəqib, cavab görüşündə vitse-çempion meydan sahibi olacaq.