
Bu gün AVRO-2024-ün seçmə mərhələsi başa çatacaq.
Apasport.az xəbər verir ki, X turun son günündə Türkiyə milli komandası qrup liderliyi üçün səfərdə Uels millisi ilə qarşı-qarşıya gələcək.
Vinçentso Montellanın yetirmələri matçdan məğlub ayrılmadıqları təqdirdə paralel keçirilən Xorvatiya-Ermənistan oyununun nəticəsindən asılı olmayaraq qrup lideri kimi AVRO-2024-ün final mərhələsinə vəsiqəni təmin edəcəklər. Uels isə Türkiyəni məğlub etdikdən sonra qrupdan çıxmaq üçün Xorvatiyanın hər hansı xal itkisini gözləyəcək.
Montellanın rəhbərliyi altında çıxdığı 3 matçı da qazanmağı bacaran "ay-ulduzlular" qrupdan lider çıxaraq Almaniyada keçiriləcək turnirin püşkatmasında 2-ci səbətdə yer almaq istəyir.
Qeyd edək ki, Uels-Türkiyə qarşılaşması bu axşam Bakı vaxtıyla saat 23:45-də start götürəcək və CBC Sport kanalıyla canlı yayımlanacaq.