Abbas Hüseynov: "Romao və Juninyo üçün darıxıram" - Müsahibə
28.02.2025 - 14:14
Abbas Hüseynov: "Romao və Juninyo üçün darıxıram" - Müsahibə

“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov apasport.az saytına müsahibə verib. 

- Hazırda vəziyyətin necədir? Məşqlərə nə vaxt başlayacaqsan? 
- Hazırda vəziyyətim yaxşıdır. Hər şey istədiyimiz kimi gedir. Ümid edirəm ki, bundan da yaxşı olar. Məşqlərə bir həftədən sonra yavaş-yavaş başlayacam. Təkrar MRT müayinəsi olunacam. Əgər hər şey istədiyimiz kimi olarsa, 2 həftəyə komanda ilə də məşqlərə başlayacam. Amma yenə də həkim təlimatlandırmalıdır, nə desə, elə edəcəyik.

- Ölkə kubokunun ¼ final mərhələsinin “Səbail”lə ilk oyununda zədələnmişdin...
- Bu dəfə əvvəlki zədələrimdən fərqli idi. İlk dəfə idi ki, bu cür zədə alırdım. Əzələmdə ikinci dərəcəli yırtıq əmələ gəldi. Müalicə etdik, bir həftədən sonra yüngül məşqlərə başlamalıyam.

- “Qarabağ” ölkə kubokunda “Səbail” səddini keçərək yarımfinala adladı. Ötən mövsümkü kimi “qızıl dubl” etmək mümkün olacaq?
- Əlbəttə ki, komandama və komanda yoldaşlarıma  inanıram, güvənirəm. Fikrimcə, bu mövsüm də "qızıl dubl" edə bilərik. Bunun üçün sona qədər mübarizə aparacağıq.

- Ümumiyyətlə bu mövsüm “Qarabağ”ın çempionatda sanki rəqibi yoxdur. Yəqin ki, komanda asanlıqla çempion olacaq. Yoxsa belə düşünmürsüz? Sona qədər mübarizə gedəcək?
- Xeyr, mən belə düşünmürəm. Rəqiblər bizi yaxşı analiz edirlər. Hər bir klub yaxşı oynayır. Biz bir neçə oyunda xal da itirdik. Rahatlaşmaq olmaz. Məşqçilərin bizə verdiyindən də çox çalışmalıyıq. Öz üzərimizdə işləməliyik. Sonda da baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirməliyik ki, hər şey istədiyimiz kimi olsun.   

- Komandanın Avropa Liqasında liqa mərhələsini sonuncu pillədə bitirməsini necə şərh edərdin?

- Şəxsi fikrim belədir ki, biz çox yaxşı komandalarla mübarizə apardıq. Hər kəsə də kim olduğumuzu göstərdik. Əfsuslar olsun ki, xallar qazana bilmədik. Düzdür, bir oyunda üç xal qazandıq. Sadəcə onunla kifayətlənmək istəmirdik. İnanıram ki, bu mövsüm Azərbaycan çempionu olub, Çempionlar Liqasında indiyə kimi nə qədər yaxşı nəticə vermişiksə, ondan da yaxşısını edəcəyik. Komandamızda heç bir problem yox idi, hər şey qaydasında idi. Sadəcə şanssızlıq yaşadıq. Futboldur da, olur. Həyatda da şanssızlıqlar olur. Çalışıb, əl-ələ verib, şanssızlıqdan çıxacağıq və yeni sezon bundan da əla performans göstərəcəyik.

- Julio Romao və Juninyonun gedişi, Kadi Borgesin geri qayıdışı barədə nə düşünürsən? 
- Həm "Qarabağ" futbolçusu, həm də "Qarabağ" azarkeşi kimi deyim ki, Romao və Juninyonun yeri görünür. Görünəcək də. Amma inanıram ki, baş məşqçimiz bununla bağlı ən doğru qərarı verəcək. Daha da yaxşı olacağıq. Düzünü deyim, bir futbolçu kimi onlar üçün darıxıram. Kadi Borgesin necə futbolçu olduğunu isə hamımız bilirik. Şadam ki, Kadi yenidən "Qarabağ"a qayıtdı.

-  “Qarabağ”la müqavilə müddətin nə vaxta qədərdir?
- "Qarabağ"la 2 illik daha müqaviləm var. Hazırda "Qarabağ"ın futbolçusuyam. Daha 2 il bu komandada qalmaq istəyirəm. Ötən il 3 illik müqavilə imzalamışdım. Özümü bu komandada  xoşbəxt hiss edirəm. 

- 2025/2026 mövsümündən Premyer Liqada legioner limiti tətbiq olunmayacaq. Bu da yerli oyunçuları narahat edir. Səncə, limit olmasa da, yerlilərə şans veriləcək?
- Bu qərar haqda çox danışmayım. İstəməzdim ki, belə şey olsun. Amma bu cür qərarlara qarışmıram. Mən futbolçuyam, özümə güvənirəm, inanıram. Hər zaman da rəqabətə hazıram. Öz üzərimdə daha çox işləməyə çalışacam ki, öz yerimi bərkidim. Əgər legionerdən güclüsənsə, güclü oynayırsansa, əsas heyətdə olacaqsan. Baş məşqçimiz Qurban Qurbanov həmişə ədalətli olub, həmişə ən düzgününü edib. Çalışacam ki, daha yaxşı olum ki, daim əsas heyətdə çıxış edim.