
"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev apasport.az saytına müsahibə verib.
- Bir müddətdir ki, zədəli olduğun üçün oynamırdın."Zirə" ilə görüşdə meydanda olacaqsan?
- Düzü, hələ ki tam məşqlərə başlamamışam. Hələ fitnesdə məşqlər edirəm. Heç meydançaya çıxmamışam. Çox güman ki, "Zirə" ilə görüşdə meydanda olmayacam. Bu görüşdən sonra komandaya qoşulmağım sual altındadır. Bəlkə də topla məşqlərə başlayacam, amma inanmıram ki, "Zirə" ilə görüşdən sonra komandaya qoşulum.
- "Turan Tovuz" son turda "Şamaxı" ilə qarşılaşdı və qələbə qazanmağı bacardı. Matç sizin üçün necə alındı? Şamaxıdakı görüşü istədiyiniz səviyyədə keçirdiz?
- Şamaxı səfəri hər zaman ağır keçir. Çempionatın ilk dövrəsində də orada bərabərə qalmışdıq, evdə də çətin qələbə qazanmışdıq. Son turda səfərdə onları məğlub etdik. Həqiqətən də çox vacib qələbə idi. Ağır oyun alındı. Çətin şərtlər altında oynadıq. Belə havada futbolçularımız xarakter göstərdi, qalib gəldik. Əsas nəticə idi, onu da əldə etdik.
- Oyunda VAR-ın olmaması, sizdə hansısa gərginlik yaradırdı? Matçdan öncə baş verənlər (oxu) futbolçulara təsir etmişdi?
- Düzdür, matçdan əvvəl VAR-ın olmaması açıqlanmışdı. VAR olanda elədir ki, səhv qərar olanda, müdaxilə olur. Amma VAR-ın olmadığını bildirdilər. Bilirsiz, istənilən halda, oyuna çıxanda hər şeyi unudub oyuna kökləndik, qələbəni fikirləşdik.
- "Turan Tovuz” hazırda 42 xalla 4-cü pillədə qərarlaşıb. “Araz-Naxçıvan” və “Zirə”dən cəmi 3 xal geridədir. Yəqin ki, indiki durumdan razısız və əhval-ruhiyyəniz yaxşıdır?
- Turnir cədvəlində bizdən üç xal öndə olan rəqiblə oynayacağıq. Evdə oynayırıq. Ağır oyun olacağı dəqiqdir. Çalışacağıq ki, yaxşı oynayaq, yaxşı nəticə qazanaq. Rəqiblərlə xalları bərabərləşdirmək istəyirik. "Zirə" də son dönəmlərdə çempionatın bəlkə də ən ideal formada olan komandasıdır. Ağır olacaq. Rəqibi düzgün analiz edəcəyik ki, qələbə qazanaq.
- Əsas rəqibləriniz "Zirə" və "Araz-Naxçıvan" bu həftə kubok görüşünə çıxacaq. Çətin mübarizə ərəfəsində kubokda yer almamağınızı özünüz üçün üstünlük hesab edirsən?
- Kubokda "Sabah"a penaltilər seriyasında uduzmuşduq. İstəyərdik ki, kubokda da mübarizəyə davam edək. Alınmadı. İndi əsas məqsədimiz çempionat oyunlarına köklənmək, maksimum xal yığmaqdır. Çünki çempionatda 4-cü yeri tutsan da, avrokuboklara yollanmaya bilərsən. Ona görə də, maksimum dərəcədə üst pillələrdə qərarlaşmaq niyyətindəyik. Premyer Liqada sona qədər mübarizə aparacağıq.
- Ölkə çempionatında "Zirə"ni qəbul edəcəksiniz. Onlar sizdən qabaq kubokda cavab görüşünə çıxacaq. Səncə, "Zirə"ni evdə necə məğlub edəcəksiz?
- İlk dövrədə evdə "Zirə"ni udmuşduq. Amma həmin görüşdə də onlar çox yaxşı çıxış etmişdi. Bu dəqiqə liqada ən ideal formada olan komanda "Zirə"dir. Nəticələri də, oynadıqları oyun da göz qabağındadır. Ağır oyuna çıxacağıq. Həmin oyuna yaxşı hazırlaşırıq. Ən yaxşı nəticəni qazanmaq niyyətindəyik.