
Xəbər verdiyimiz kimi, bu gün Misli Premyer Liqasının XXIV turunda keçirilən "Şamaxı" - "Turan Tovuz" matçından öncə tovuzlular hava şəraitinı görə matçın təxirə salınmasını tələb edirdi.
Apasport.az xəbər verir ki, AFFA məsələ ilə bağlı açıqlama yayıb:
"Ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar oyunların keçiriləcəyi stadionlarda müəyyən çətinliklər yaranıb. Misli Premyer Liqasının 24-cü turunun “Şamaxı” – “Turan Tovuz” oyununun keçirildiyi Şamaxı şəhərində güclü qar yağmasına baxmayaraq, stadion qardan təmizlənib və oyuna hazır vəziyyətə gətirilib.
Azərbaycan Premyer Liqasının Əsasnaməsində oyun canlı yayımlanmasa və ya VAR sistemi tətbiq olumasa, matçın keçirilməməsi ilə bağlı heç bir şərt yoxdur. Belə ki, meydançanın durumu imkan verdiyi halda, komandalar, hakimlər, hakim-inspektor, AFFA nümayəndəsi, təcili-tibbi yardım maşını stadionda olduğu təqdirdə, həmçinin təhlükəsizliklə bağlı hər hansı problem olmasa, oyun baş tutmalıdır.
“Turan Tovuz” PFK-nın “Şamaxı” ilə oyundan əvvəlki bəyanatı AFFA-nı məyus edir. Artıq birinci dəfə deyil ki, “Turan Tovuz” PFK hakimlərlə bağlı xoşagəlməz fikirlər səsləndirir. Əgər “Turan Tovuz” PFK-nın bununla bağlı hər hansı faktları və sübutları varsa, klubdan xahiş olunur ki, ən qısa müddətdə AFFA-ya təqdim olunsun. Əks halda məsələyə AFFA İntizam Komitəsi tərəfindən baxılacaqdır və müvafiq tədbirlər görüləcəkdir".