
Misli Premyer Liqasının XXVII turunda “Sumqayıt”ın qonağı olan “Qarabağ” 6:0 hesabı ilə qalib gəlib.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələrinin səfərdəki məğlubiyyətsizlik seriyası 23-ə çatıb.
Ağdam klubu cari mövsüm rəqib meydanındakı 14 görüşdə uduzmayıb. Ötən mövsümün son 9 səfərində də xalsız qalmayan Qurbanovun yetirmələri sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”lə görüşdə məğlub olub – 1:3. Rəqib meydanında keçirilən son 23 qarşılaşmada 19 qələbəsi olan “Qarabağ” 4 dəfə heç-heçə edib.
Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb.
1999-2001-ci illərdə ardıcıl 23 səfər oyunundan məğlubiyyətsiz ayrılan “Şəmkir” mütləq rekordçu idi. “Qarabağ” bu göstəricini 22 ildən sonra təkrarlamağa nail olub. Ağdamlılar növbəti səfər qarşılaşmasında yeni rekord müəyyənləşdirə bilər.