
Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ” – “Nant” oyunu bir dəqiqəlik sükutla başlamayacaq.
Bu barədə məlumatı apasport.az saytına Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə verib.
O bildirib ki, Azərbaycan – Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya göndərilən müraciətə cavab gəlib. Qitə futbol qurumu avrokubok görüşündə belə addım atılmasına icazə verməyib: “Bizə UEFA-dan cavab gəldi ki, narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik”.
Qeyd edək ki, “Qarabağ” – “Nant” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.