"Fənərbaxça" - "Kasımpaşa" matçına diqqət çəkən təyinat: İllər sonra ilk dəfə
14.02.2025 - 14:56
"Fənərbaxça" - "Kasımpaşa" matçına diqqət çəkən təyinat: İllər sonra ilk dəfə

Türkiyə Super Liqasının 24-cü həftəsinin hakimləri açıqlanıb.

Apasport.az xəbər verir ki, hakim Ali Şansalan 2021-2022 mövsümündən sonra ilk dəfə "Fənərbaxça" matçına təyinat alıb.

"Sarı-lacivərtlilər"in "Kasımpaşa" ilə qarşılaşacağı görüşün baş hakimi Şansalan olacaq. 

Ali Şansalan niyə "Fənərbaxça" matçlarına təyinat almırdı? 

17 oktyabr 2021-ci il tarixində "Fənərbaxça"nın "Trabzonspor"a 3:1 hesabı ilə uduzduğu matçda verdiyi qərar birmənalı qarşılanmamışdı. 

"Trabzonspor" - "Fənərbaxça" matçında nə baş verib? 

Qarşılaşmanın 3-cü dəqiqəsində Dieqo Rossinin qolu ilə hesabı açan "sarı-lacivərdlilər" cəmi 20 dəqiqə sonra meydanda 10 futbolçu ilə qalmışdı. Hakimin bu qərarından sonra ev sahibi komanda qolları sıralayaraq İstanbul klubunu 3:1 məğlub etmişdi. 

"Fənərbaxça" - "Kasımpaşa" matçı nə vaxtdır? 

Qeyd edək ki, "Fənərbaxça" 16 fevralda "Kasımpaşa"nı doğma meydanda qəbul edəcək.