
Türkiyə Super Liqasının 34-cü həftəsində derbidə "Beşiktaş"ı 2:1 hesabı ilə məğlub edən "Fənərbaxça"nın futbolçusu İsmail Yüksek qarşılaşmanın birinci hissəsində zədələnib.
Apasport.az xəbər verir ki, matçın 19-cu dəqiqəsində zədələnərək meydanı xərəkdə tərk edən futbolçuya topuq bağında qopma diaqnozu qoyulduğu açıqlanıb.
Həftə ərzində əməliyyatına qərar veriləcək və 4-6 həftə meydanlardan uzaq qalması gözlənilən İsmail Yüksek Super Liqanın qalan matçlarında oynaya bilməyəcək.
Digər tərəfdən, İsmail Yüksekin iyunun 14-də başlayacaq AVRO 2024-də forma geyinib-geyinməyəcəyi məlum deyil. Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montellanın İsmayıl Yüksekin vəziyyətini yaxından izlədiyi bildirilib.