
Misli Premyer Liqasının XXIV turunun "Araz-Naxçıvan" - "Səbail" matçından (0:0) sonra qonaqların baş məşqçisi Cavid Hüseynovun mətbuat konfransı keçirilib.
"İlk hissədə daha yaxşı çıxış etdik. Qapımızda bir dəfə təhlükəli an yaşandı. Həm hücum, həm də müdafiə planında daha yaxşı idik. İkinci hissədə rəqibin irəli atılacağı məlum idi. Buna baxmayaraq, ikinci yarıda da yaxşı çıxış etdik. Bura qələbə qazanmaq üçün gəlmişdik, amma 1 xalla kifayətləndik. Nəticə qənaətbəxşdir. Oyunumuzda da inkişaf var. Bunun davamını gətirmək istəyirik".
- Qol vura bilməmək problemini necə aradan qaldıracaqsız?
- Əvvəlki turlarda qollar vurmuşuq. Bunu problem hesab etmirəm. Son turlarda qarşılaşdığımız "Sabah" və "Araz-Naxçıvan" yaxşı rəqiblərdir. Bütün oyunlara yanaşmamız eynidir. Birinci istəyim odur ki, futbolçular inkişaf etsin. Qarşıda hələ 12 tur var. Növbəti turdakı "Şamaxı" ilə qarşılaşma bizim üçün final oyunu deyil.
- İnnosent Nşutinin ehtiyatda qalmasının səbəbi nə idi?
- Heyətimiz geniş deyil. İstədiyimiz transferlər alınmadı. Səbəblər haqda danışmaq istəmirəm. Heyəti formalaşdırmaqda çətinlik çəkirəm. Süni meydançada məşq edirik, zədələr üzə çıxır. İnnosent Nşutinin zədəsi var idi. Risk etmək istəmədik. Onun yoxluğunda hücum mövqeyində problemlər yaşayırıq. Fəridin bugünlü oyununu bəyəndim. Nşutinin yoxluğunu hiss etdirmədi. Yolumuza davam edəcəyik.