
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turnirində 1/4 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışda Azərbaycan millisinin 4 idmançısı yarımfinala yüksəlib.
Komandamızın liderlərindən Nicat Hüseynov (51 kq) Skott Riçardsla (Uels) üz-üzə gəlib. 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə qələbə qazanan Avropa çempionu yarımfinalda Daniyal Sabitlə (Qazaxıstan) döyüşəcək.
57 kq-da çıxış edən Zəlimxan Süleymanov növbəti qələbəsini qazanıb. O, 1/4 finalda Miçele Baldassidən (İtaliya) güclü olub – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28). O, finala gedən yolda Giorgi Kapanadzeni (Gürcüstan) sınağa çəkəcək.
Zaur Qəhrəmanov (67 kq) rinqdən qalib ayrılıb. Boksçumuz Canluici Malanqanı (İtaliya) 5:0 (29:27, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. Təmsilçimiz yarımfinalda Demur Kajaya (Gürcüstan) ilə münasibətinə aydınlıq gətirəcək.
Nəbi İsgəndərov (67 kq) da adını yarımfinala yazdırıb. O, Rumen Rumenovla (Bolqarıstan) görüşü xeyrinə bitirib – 5:0 (30:24, 30:26, 29:27, 29:27, 30:26). İsgəndərov növbəti qarşılaşmasında Torexan Sabirxanla (Qazaxıstan) gücünü yoxlayacaq.
Dörd boksçumuz yarımfinala yüksəlməklə yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, yarımfinal mərhələsinin döyüşləri martın 1-də keçiriləcək.