
“Bundan da pis qrupa düşə bilərdik. Xüsusən də, B və C qrupları çılğınlıq olardı”.
Apasport.az saytının məlumatına görə, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli deyib.
İsveçrəli mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində düşdükləri qrupu dəyərləndirib. 48 yaşlı çalışdırıcı Azərbaycan yığması ilə eyni qrupa düşdükləri üçün sevincini gizlətməyib: “H qrupu daha xoş görünür. Ümumilikdə çox yaxşı qrupdayıq. 4-cü səbətdən Azərbaycanın düşməsinə gəlincə, əsas odur ki, orada Yunanıstan və Türkiyədən qaçdıq. Mənim nəzərimdə digər komandaların hamısı mükəmməl rəqiblərdir. Azərbaycan isə aşağı-yuxarı bizimlə eyni səviyyədə olan komandadır”.
Qeyd edək ki, Azərbaycan millisi F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq. Seçmə mərhələyə gələn ilin martında start veriləcək.