
Şotlandiyanın “Reyncers” komandası UEFA Avropa Liqasının 1/8 finalında “Fənərbaxça” ilə matçı izləmək üçün İstanbula səfər edəcək azarkeşlərinə tövsiyələr verib.
"Reyncers"dən azarkeşlərinə xəbərdarlıq
Apasport.az xəbər verir ki, klub fanlarına ilk oyunun Ramazan ayına təsadüf etdiyini xatırladıb:
"Bu vəziyyət səyahət edən azarkeşlərimizə ciddi təsir göstərməsə də, ölkənin adət və ənənələrinə hörmətlə yanaşın. Gün ərzində ictimai yerlərdə yemək, içmək, siqaret çəkmək və saqqız çeynəməkdən çəkinin. Barlar və restoranlar açıq olacaq. İctimai yerlərdə musiqi dinləməkdən, rəqs etməkdən, təhqir və vulqar ifadələr istifadə etməkdən çəkinin".
Açıqlamada fanlardan ziyarətləri zamanı adət-ənənələrə və qanunlara hörmətlə yanaşmaları istənilib. Həmçinin Sultanahmet, Taksim və Beyoğlunda vaxt keçirmələri təklif edilib.
Bundan əlavə, azarkeşlərə stadionun giriş-çıxışı, nəqliyyat, görüş yerləri və saatları, təhlükəsizlik prosedurları barədə məlumat verilib.
"Fənərbaxça" - "Reyncers" matçı nə vaxtdır?
Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu "Fənərbaxça" ilə "Reyncers" arasında martın 6-da İstanbulda keçiriləcək. Cavab oyunu martın 13-də Şotlandiyada baş tutacaq.